Sığortalı həyat: icbari tibbi sığortanın tətbiqi nə vəd edir?
Ölçü:


Yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibb sığortanın maliyyələşmə mənbələri dəqiqləşib. Belə ki, bu xidmətlərin maliyyələşdirilməsi üçün İcbari Tibbi Sığorta Fonduna 3 mənbədən vəsait daxil olacaq: dövlət büdcəsindən, işəgötürənlərdən və işləyən vətəndaşlardan. İlkin şərtlərə görə, əmək müqaviləsi əsasında işləyən hər bir vətəndaş Fonda hər ay orta hesabla 5-10 manat, işəgötürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olacaqlar ki, bunun da ağırlığı dövlət büdcəsinin üzərinə düşəcək. Daha doğrusu, hazırda dövlət büdcəsində nıəzərdə tutulmuş səhiyyə xərclərinin mühüm hissəsi icbari tibbi sığortanın maliyyələşdirilməsi üçün Fondun istifadəsinə veriləcək.

Artıq işəgötürənin və işçinin hesabına tutulmalı olan icbari tibbi sığortanın tarifləri də bəllidir. Hələ tam təsdiqlənməmiş tariflərə əsasən, işəgötürənlər hər bir işçiyə görə əməkhaqqının 2-2,5 faizi qədər Fonda ödəniş edəcəklər. Hazırda Azərbaycanda orta aylıq əmək haqqının 441 manat olduğunu nəzərə alsaq, işəgötürənlər hər işçiyə görə öz hesabından təxminən 10-12 manat ödəyəcək. İşçinin maaşından isə 1-2 faiz tibbi sığortahaqqı tutulacaq ki, bu da orta hesabla 5-10 manat deməkdir. İcbari tibbi sığortahaqqı ödəyən hər kəs həm özünün, həm də ailə üzvlərinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olacaq.

Hazırda Milli Məclisdə müzakirədə olan qanun layihəsin əsasən, uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödənişlərindən tam azad ediləcək. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir. Əmək qabiliyyətli bütün vətəndaşlar isə bu vəsaiti ödəməli olacaqlar.

“Elə bir mexanizm hazırlamalıyıq ki...”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, icbari tibbi sığorta sisteminin gələn ildən ölkə üzrə tətbiqinə başlanması üçün lazım olan tədbirlər görülür. Onun sözlərinə görə, hazırda bu sistemin tam şəkildə tətbiqinə mane olan əsas səbəb maliyyə mexanizmləri ilə bağlıdır: “Burada söhbət işləyən vətəndaşların haqmısının sosial sığortaya cəlb edilməsindən gedir.  Hazırda sosial sığortaya cəlb edilənlərin sayı 1 milyon 500 mindən çoxdur. Ancaq faktiki məşğul əhalinin sayı 5 milyondan az deyil. Bu, o deməkdir ki, 3,5 milyondan çox işçi qüvvəsi qeyri-leqal əməkhaqqı alır. Biz elə bir mexanizm hazırlamalıyıq ki, qeyri-leqal yolla əməkhaqqı alan həmin işçilərin hamısının rəsmi qeydiyyatı aparılsın. Əks halda bu qədər işçi qüvvəsi icbari sığorta sistemindən kənarda qalacaq”.

İcbari tibbi sığortanın tətbiqinin son dərəcə əhəmiyyətli olduğunu deyən Musa Quliyev bildirib ki, bu sistem tətbiq edildikdən sonra səhiyyə sektorunda çox böyük dəyişikliklər olacaq. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində səhiyyə xidmətlərinin maliyyələşdirilməsi icbari tibbi sığorta vasitəsilə həyata keçirilir: “Azərbaycanda da icbari tibbi sığortanın tətbiq edilməsi üçün lazımı şərait var. Hazırda bu sistemin tətbiqi üçün qanunvericilik baxımından heç bir problem yoxdur, qanunvericilik bazası kifayət qədər mükəmməldir. Bu sistemin tətbiqinə mane olan obyektiv səbəblər artıq aradan qalxıb və indi ölkənin hər yerində kifayət qədər keyfiyyətli xidmət göstərə biləcək səhiyyə müəssisələri fəaliyyət göstərir. Eyni zamanda, ölkədə kifayət qədər kadr potensialı var. Bu baxımdan icbari tibbi sığortanın tətbiqi üçün olan maneələr artıq aradan qaldırılıb. İndi əsas məsələ icbari tibbi sığortanın maliyyə mənbələrinin müəyyən edilməsi və bunun mexanizmlərinin tapılmasıdır ki, bunların da həlli istiqamətində mühüm işlər görülüb və biz gələn ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinə başlaya bilərik”.

Tibbi sığortanın tətbiqi büdcəyə də təsir edəcək


Yeri gəlmişkən, icbari tibbi sığorta sisteminin tətbiqinin büdcəyə birbaşa təsir etmək imkanları var. Belə ki, tibbi sığortanın maliyyələşdirilməsi üçün lazım olan vəsaitlərin çox mühüm hissəsi işəgötürənlərdən və işçilərin maaşından tutulan sığorta ödənişləri hesabına formalaşacaq. Ekspertlərin fikrincə, əgər tibbi sığortanın maliyyə mənbələri pensiya sistemində olduğu kimi, işəgötürən təşkilatlar və işçilərin maaşından tutulan faizlər hesabına formalaşırsa, bu, təbii olaraq leqal əməkhaqqıdan toplanacaq. Bu isə o deməkdir ki, hazırda işləyən və aylıq əməkhaqqı alan, lakin maaşı rəsmiləşdirilməyən işçilər heç bir halda icbari tibbi sığorta sistemindən bəhrələnə bilməyəcək. Necə ki, hazırda heç kəs qeyri-leqal əməkhaqqıdan  pensiyaya çıxa bilmir, tibbi sığorta da belə olacaq.

Bundan başqa, icbari tibbi sığorta sisteminin tətbiqindən sonra hər kəs başa düşəcək ki, onun bu xidmətlərdən bəhrələnmək imkanı aldığı əməkhaqqının rəsmi məbləğindən birbaşa asılı olacaq. Yəni işçi nə qədər yüksək əməkhaqqı alacaqsa,  onun tibbi xərclərini qarşılamaq imkanları daha çox olacaq. Bu halda qeyri-leqal çalışan insanlar işəgötürənlərdə onlara leqal əməkhaqqı verilməsini tələb edəcəklər.

İqtisadçı ekspert Azər Mehtiyev hesab edir ki, icbari tibbi sığortanın tətbiqi gizli məşğulluğun aradan qaldırılmsasını, əməkhaqqının tam şəkildə leqallaşdırılmasını özündə ehtiva edir. Onun sözlərinə görə, əməkhaqqının leqallaşdırılması həm də vergi daxiolmalarının artmasına səbəb olacaq. Yəni hər bir işləyən şəxs nə qədər yüksək əməkhaqqı alacaqsa, onun dövlətə ödəyəcəyi gəlir vergisinin də məbləği o qədər artacaq: “İcbari tibbi sığorta sisteminin tətbiqi və əməkhaqqının leqallşdırılması ƏDV və mənfəət vergisi dövriyyəsinin də artmasına səbəb olacaq. Bu baxımdan icbari tibbi sığortanın tətbiqi bütövlükdə biznes dövriyyəsinin artması, gizli iqtisadiyyatın aradan qaldırılması deməkdir”.

Azər Mehtiyevin fikrincə, icbari tibbi sığortanın effektiv şəkildə tətbiqi qeyri-leqal iqtisadiyyatın leqallaşmasına səbəb olar ki, bu da həm işçilərin əmək hüquqlarının təmin olunmasına, həm vətəndaşların icbari tibbi sığorta sistemindən bəhrələnməsinə gətirib çıxara bilər: “Amma qeyri-rəsmi məşğulluğu aradan qaldıra biləcək institutlar lazımdır. Bunlar olmayınca, qeyri-rəsmi işçilərin icbari tibbi sığorta sisteminin imkanlarından bəhrələnmək şansları olmayacaq”.

Qeyri-leqal işçilər dövlət qurumlarından kömək umur


Ekspertlər bir fikri xüsusi vurğulayırlar ki, icbari tibbi sığortanın tətbiqindən sonra işçi qüvvəsi işəgötürənin ona ödədiyi əməkahaqqının tam rəsmiləşdirilməsi ilə bağlı tələbləri artıracaq. Bu halda qeyri-leqal işçilərin Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəsətəyinə və digər aidiyyəti qurumların köməyinə ehtiyacı yarana bilər. Çünki icbari tibbi sığorta sisteminin imkanlarından hər kəs yararalanmağa çalışacaq. Belə olan halda Vergilər Nazirliyi müəyyən mexanizmlər tətbiq etməklə, əmək hüquqları pozulan işçilər üçün “Qaynar xətt” xidməti yaratmaqla işəgötürənlərin qanunsuz hərəkətlərindən qarşısını ala bilər. Məsələn, qeyri-leqal əməkhaqqı alan işçilər anonim şəkildə Vergilər Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edərək əmək müqavilələrinin rəsmiləşdirilməsinə və əməkhaqqının tam şəkildə leqallaşdırılmasına yardım etsin. Nazirlik bu nəzarət tədbirini hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirə bilər. Bu, həm də Vergilər Nazirliyinə işəgötürənin real dövriyyəsini üzə çıxarmağa imkan verər.

Arif Şahinoğlu

P.S.
Yazı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.
22.10.2018 13:36:00
Oxuma sayı: 207