Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin büstü açılıb - FOTO
Ölçü:


Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılış mərasimi keçirilib.

Koordinat.az
xəbər verir ki, Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə ictimaiyyətin nümayəndələri, o cümlədən “Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, ziyalılar iştirak ediblər. Qonaqlardan - Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Akademik Teymur Bünyadov, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev və başqaları Dədə Ələsgərlə Dədə Şəmşirin sazının, sözünün qüdrətinə qiymət vermək üçün bir yerə toplaşıb.

Dədə Ələsgər və Dədə Şəmşirin büstlərinin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbirin ikinci hissəsi keçirilib. Tədbirin aparıcısı, Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri açıq elan edərək Dədə Şəmşir yaradıcılığından söz açıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, aşıq sənətini sevərləri salamlayaraq bugünkü tədbirin əhəmiyyətindən danışıb. O, bildirib ki, bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər bu gün bütün xalqın ürəyində yaşayır: "Nə qədər bu millət var, ustad aşıqların saz havaları, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq".

İcra başçısı prezidentin 2 aprel 2018-ci il tarixli, 3857 nömrəli Sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunmasını bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymət kimi dəyərləndiriob. O, bildirib ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm edib.

Akademik Teymur Bünyadov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün böyük bir bayrama toplaşmışıq. Bu gün qazaxlıların yaddaşında uzun müddət silinməz izlər qoyacaq: "Bu gün biz qazaxlılar fəxr edə bilərik ki, dahi şair Səməd Vurğunun bütün dünyaya tanıtdığı Dədə Şəmşirin yubileyini elə dahi şairin doğma el-obasında qeyd edirik. Necə ki, Səməd Vurğun Şəmşirə yüksək dəyər vermişdi. Bu gün də qazaxlılar, ziyalılarımız, rayon rəhbərliyi Şəmşirə böyük qiymət verir. Bu gün şəhərin mərkəzində olan bu büstlər, mən deyərdim ki, bu abidə bunun bariz nümunəsidir. Bu gün istər dövlət tərəfindən, istərsə də xalq tərəfindən bu cür ustad aşıqlara böyük qiymət verilməsi bir ziyalı kimi məni çox sevindirir. Xüsusən də, Qazaxda belə yüksək səviyyəli tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bir ay yarım bundan əvvəl biz ustad Aşıq Ədalətin qəbirüstü abidəsinin açılışını etdik. İldönümünü yüksək səviyyədə qeyd edik. Bu gün də tarixi bir günə şahidlik edirik. Çünki Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı".

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı da çıxış edib: "Bu gün biz möhtəşəm bir mədəni hadisənin iştirakçısına çevrilirik. Bu gün biz iki büstün deyil, iki qoşa qanadın, Azərbaycan sazının iki ustad aşığının sənətinə ucaldılmış iki qoşa abidənin açılışına toplaşmışıq. Bu gün bu abidənin açılışı ondan xəbər verir ki, Qazaxda mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərilir. Rayon rəhbərinin sayəsində rayonda hər gün bir yeniliyin şahidi oluruq. Biz ziyalılar ona görə sevinirik ki, rayonda olan bu genişmiqyaslı abadlığın, quruculuğun siyahısında bu cür abidələrə, büstlərə, heykəllərə də rast gəlirik. Bu cür yubiley tədbirləri keçirilir. Bunu görüb fərəh hissi keçirmək hər bir qazaxlının haqqıdır".

Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan birlik sədri bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirib: "YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir".

“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü günün bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirib. Ölkə başçısının Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan söz açan birlik sədri dövlətimiz və dövlət başçımız tərəfindən aşıq sənətinə verilən yüksək qiymətdən, dəyərdən danışıb.

29.10.2018 16:14:34
Oxuma sayı: 1333