Valideynləri mühacir qadın Gürcüstanda prezident seçildi
Ölçü:

Gürcüstanda prezident seçkiləri ilə bağlı səslərin sayılması davam edir.

Koordinat.az xəbər verir ki, Seçkilərin ilkin nəticəsinə görə, seçicilərin daha çox səsini alan müstəqil namizəd Salome Zurabişvilidir. "Exit-pol”un nəticələrinə görə, Salome Zurabişvili seçicilərin 52,3 faiz səsini toplayıb. İkinci yerdə 28,1 faiz səslə Qriqol Vaşadze, üçüncü yerdə isə 9,2 faiz səslə David Bakradzedir.

Beləliklə, Salome Zurabişvili prezident seçilərsə, Cənbi Qafqazda ilk xanım dövlət başçısı olacaq.

Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə, gürcü siyasi mühacirlərin ailəsində, Fransanın Gürcüstan diasporunun sədri Levan Zurabişvilinin ailəsində anadan olub. 1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirib. Salome 30 il Fransa Xarici İşlər Nazirliyində diplomat kimi fəaliyyət göstərib.

Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib. Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib.

2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub.
2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyil. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib.
28.10.2018 22:47:00
Oxuma sayı: 371