Aşıq Şəmşir-125: bu dəfə Bakının Nizami rayonunda - FOTOLAR
Ölçü:


Ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tədbir keçirilib.

Koordinat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nizami rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Sevil Əliyeva klassik aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin yaradıcılığından danışıb.

Sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov isə tədbir iştirakçılarını İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun adından salamlayaraq prezident İlham Əliyevin bu ilin aprelində Aşıq Şəmşirin 125 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı sərəncam imzaladığını xatırladıb. İlin əvvəlindən başlayan silsilə yubiley tədbirlərinin dekabrdək davam edəcəyini bildirən Həbib Misirov mədəniyyətin digər sahələri ilə yanaşı aşıq sənətinə də dövlətimiz tərəfindən verilən yüksək qiymətdən bəhs edib.

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı Dədə Şəmşirin ədəbi-bədii irsi haqqında geniş məruzə edib.

Tədbirdə ziyalılar, sənət adamları çıxış edərək Aşıq Şəmşirin ömür yolundan, yaradıcılığından bəhs ediblər.

Əməkdar Mədəniyyət işçisi Ədalət Dəlidağlının, aşıq Əli Zeynalabdinovun, Rəfiqə Göyçəlinin ifasında ustad sənətkarın şeirləri səsləndirilib.

Yibiley mərasimində ustad sənətkarın lent yazıları səsləndirilib, həmçinin kitablarından ibarət sərgi nümayiş etdirilib.

25.10.2018 09:52:38
Oxuma sayı: 928