Kosmik sənaye yüksək gəlirli biznes sahəsinə çevrilir
Ölçü:



İKT sektorundakı texnoloji nailiyyətlər xarici investorların Azərbaycana marağını artırıb

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı sahəsində informasiya-kommunikasiya texnologiyalarına (İKT) əsaslanan gəlir mənbələrinin yaradılması prioritet istiqamətlərdən sayılır. Telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması isə bu istiqamətdə həyata keçirilən əsas layihələrdən hesab olunur. Belə ki, İKT sahəsi Azərbaycanda neft və qaz sektoru ilə paralel inkişaf etdirilən prioritet sahə elan edilib. Məhz bu səbəbdən son illər iqtisadiyyatın müxtəlif sahələrində İKT-nin geniş tətbiqi üçün hər cür şərait yaradılır. Məqsəd İKT resurslarından istifadə etməklə ölkənin iqtisadi gəlirlərini artırmaqla yanaşı həm də hərtərəfli inkişafa xidmət etmək, informasiya sahəsində milli təhlükəsizliyin təminatına şərait yaratmaqdır.

Bu məqsədlərə nail olmaq üçün “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, regionlarda telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi üçün mühüm işlər aparılır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən əməkdaşımıza bildiriblər ki, “Aztelekom” MMC tərəfindən regionlarda şəhər və kənd Elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidləri artırılır. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi nəticəsində internet istifadəçilərinin və telefon abunəçilərinin sayında ciddi artım müşahidə olunur. Belə ki, hazırda  “Aztelekom”un internet istifadəçilərinin sayı 250 000 nəfərdən çoxdur.

Yeri gəlmişkən, bu il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, “Aztelekom” MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb. Genişzolaqlı internet xidmətinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində “Aztelekom”un internet istifadəçilərinin sayı 25 faiz artıb.

Kosmik sənaye sürətli inkişaf mərhələsində


Bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz hesab edir ki, son illər Azərbaycan İKT-nin müxtəlif sahələrində uğurlu inkişafı və yürütdüyü siyasəti ilə dünyada və regionda əhəmiyyətli iştirakçıya çevrilərək ayrı-ayrı ölkələrin və beynəlxalq səviyyəli şirkətlərin diqqətini özünə cəlb edə bilib. Onun sözlərinə görə, xüsusilə “Azerspace-1” peyki istifadəyə verildikdən və ikinci peyk üçün hazırlıqlara başlandıqdan sonra  Azərbaycanın İKT sektoruna beynəlxalq maraq daha da artıb: “Telekommunikasiya peykinin istehsalı, orbitə çıxarılmasından sonra xarici investorların da bu cür layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi, beynəlxalq kreditlərin ölkəyə axını üçün geniş şərait yaradılıb. Kosmik sənayenin yaradılması həm də neft-qaz sektorundan sonra İKT sahəsində də biznes mühitinin formalaşması baxımından Azərbaycanın müsbət imic qazanmasının nəticəsi kimi qiymətləndirilməlidir. Çünki peyk sistemlərinin yaradılması, telekommunikasiya peykinin istismara verilməsi Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir göstərir. İndi bütün dünya bilir ki, hazırda Azərbaycan MDB regionunda telekommunikasiya peykinə sahib olan 3 ölkədən biri, Qafqaz regionunda isə yeganə ölkədir. Azərbaycanın bu üstünlüklər heç də sadə və asan şəkildə qazanılmayıb. “Azerspace-1” peykinin istehsalı və orbitə çıxarılması ilə əlaqədar bütün proseslərdə 10-dan çox inkişaf etmiş ölkə ilə yüksək səviyyəli əməkdaşlıq qurulub. Təkcə bu göstərici Azərbaycanın İKT sektorunda da etibarlı tərəfdaş kimi imicini möhkəmləndiyini bir daha təsdiq edir”.

Osman Gündüz buna sübut kimi bu yaxınlarda 8 xarici telekanalın “Azerspace-1” peyki üzərindən yayıma başlamasını xatırladır. Bunların arasında Qırğızıstanın 5 televiziyası - "New  TV ( HD )", "ON1 TV", "Kanal 7 TV", "TNT Aziya TV" və “RTV” kanalları da var. Onun sözlərinə görə, “Azərkosmos” ASC ilə həmin telekanallar arasında imzalanan müqaviləyə əsasən, sözügedən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş etdirilir. “Azerspace-1” üzərindən yayımlanan 3 kanal isə Türkiyənin “ARAS TV” və “Kanal C”, Gürcüstanın “İBERİA TV” telekanallarıdır.

Xatırladaq ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Bu ilin noyabrında Qırğızıstanda yeni seçilmiş prezidentinin andiçmə mərasimi “Azerspace-1 peykinin resurslarından istifadə olunmaqla Qırğızıstan Dövlət Televiziyası – KTRK TV vasitəsilə canlı yayımlanıb.

“Azerspace-1”in Azərbaycana qazandırdığı gəlirlər

Dünya peyk xidmətləri bazarına daxil olduğu 5 ilə yaxın dövr ərzində potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması istiqamətində intensiv fəaliyyət həyata keçirilib. 2014-cü ildə “Azərspace-1” peyki vasitəsilə ilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Hazırda “Azerspace-1” peykində Azərbaycan, rus, gürcü, türk dillərində ümumilikdə 38 televiziya və 17 radio kanalı yayımlanmaqdadır. Bununla yanaşı, “Azərkosmos” artıq Azərbaycan, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə TV və radio kanallar, teleradio yayım şirkətləri, data provayderləri, dövlət qurumları və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir.

Bəs, telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri göstərən “Azerspace-1” İKT sektorun inkişafına, iqtisadiyyata investisiya qoyuluşlarına nə dərəcədə təsir edir?

Bu suala cavab vermək üçün əvvəlcə innovativ və texnoloji cəhətdən inkişaf etmiş peyk sənayesinin dünya üzrə göstəricilərinə diqqət yetirmək lazımdır. Həmin göstəricilər isə kosmik sənayenin dünyada ən səmərəli və gəlirli biznes sahəsinə  çevrildiyini deməyə əsas verir. Avropa Peyk Operatorları Assosiasiyasının məlumatlarına əsasən, peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard dollar olub. Son 5 ildə Dünya Peyk Sənayesinin Gəlirləri davamlı olaraq artıb və bu tendensiya davam etməkdədir. Hazırda isə dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, peyk sənayesi gəlirlərində qeydə alınan artım orta hesabla 9-10 faiz təşkil edir. Bir çox ölkələr və iri transmilli şirkətlər məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyurlar.

Yeri gəlmişkən hazırda inkişaf etmiş bir sıra ölkələrdə kosmik sənaye kompleksləri və şirkətlər çoxdur. Ancaq, son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır. “Azərkosmos” kimi regional operatorların çoxalma tendensiyası və gəlir əldə edərək uğur qazanması müştərilərə coğrafi yaxınlıq, dil faktoru üstünlüyü, biznesin idarə olumasının çevikliyi, iri şirkətlərin diqqət mərkəzində olmayan bölgələrdə peyk xidmətlərinə yaranan tələbatın aktuallaşması və sair bu kimi amillərlə bağlıdır.

O ki, qaldı Azərbaycanın “Azerspace-1” peykinin istifadəyə verilməsindən əldə etdiyi gəlirlərə, bu, böyük məbləğli vəsaitlərlə ifadə olunur. Belə ki, bu ilin əvvəlinədək tutumlarının 78 faizinin satışı reallaşdırılmış “Azerspace-1” peykinin kommersiya fəaliyyətindən 50 milyon dollardan çox vəsait əldə edilib. Nəzərə alsaq ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan ”Azerspace-1”-in orbitə buraxılmasının beşinci ildönümü hələ iki aydan sonra qeyd ediləcək, onda bu rəqəmin yaxın illərdə daha yüksək olacağını proqnozlaşdırmaq çətin deyil.

“Azerspace-2” orbitə çıxmağa hazırdır


“Azərkosmos”un strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılacaq. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində bildirirlər ki, 2018-ci ildə İKT sektorunda gözlənilən ən mühüm yeniliklərdən biri “Azerspace-2” peykinin orbitə çıxarılması olacaq. Hazırda bu istiqamətdə işlər plana uyğun şəkildə həyata keçirilir və “Azerspace-2” peykinin orbitə çıxarılması demək olar ki, son mərhələdədir.

“Azərkosmos” ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2” regionda artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1” orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

Ekspertlər bildirirlər ki, məhz bu cür stimullaşdırıcı tədbirlər sayəsində həm yerli, həm də xarici investisiya şirkətləri Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunda fəal iştirak etməyə başlayıb. Bunun sayəsində qeyr-nrft sektorunda investisiya mühiti ildən- ilə yaxşılaşır, ölkəmizə qoyulan investisiyaların həcmi genişlənir, xüsusilə özəl sektorda fəaliyyət göstərin şirkətlərin sayı çoxalır.

Elxan Salahov

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

08.12.2017 15:33:07
Oxuma sayı: 1101