Gələn il neftin büdcədəki qiyməti 60 dollardan hesablanacaq
Ölçü:


2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur.

Koordinat.az xəbər verir ki, ekspertlər gələn il neft kəskin şəkildə ucuzlaşa biləcəyini əsas gətirərək bu proqnozlaşmanın riskli olduğunu düşünürlər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, neftin 1 barelinin 60 dollardan götürülməsi qənaətbəxşdir. Onun fikrincə, bu rəqəm riskli deyil: "Çünki noyabrdan Amerika tərəfindən müəyyən sanksiyalar qüvvəyə minəcək. Neftin qiyməti nə qədər ucuzlaşsa da, 60-65 dollar ətrafında dəyişəcək. Mən düşünmürəm ki, neftin qiyməti bundan da aşağı düşsün. Çünki getdikcə neftə olan tələbat artır. Bəzi dövlətlərdə sanksiyalar, müharibələr gedir və hansılar ki, neft ixrac edir, onlarda müəyyən problemlər yaranacaq. Ona görə də neftin qiymətinin 60 dollardan götürülməsi doğru addımdır”.

Deputat qeyd edib ki, bu il üçün neftdən büdcəyə daxil olan əlavə gəlirlər kifayət qədər olacaq: “2018-ci il neftin 1 barelinin qiyməti 45 dollardan götürülmüşdü. İlin sonunda əlavə gəlirlə bağlı rəqəm bəlli olacaq. Toplanan vəsait də Dövlət Neft Fondunun ehtiyat fonunda transfer olunacaq ki, bu da lazımi məqamlarda istifadə olunacaq. Mənim fikrimcə neftin qiyməti bu ilin sonunadək 80 dollardan aşağı olamayacaq”.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.
19.10.2018 12:05:19
Oxuma sayı: 247