TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
Ölçü:


TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 79 faizi icra olunub.

Koordinat.az
xəbər verir ki, bu barədə Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya regionunda enerji sektorunda qlobal dəyişikliklərin təsiri” mövzusunda III Avrasiya Konfransında energetika nazirinin müavini Samir Vəliyev deyib. O bildirib ki, layihə qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil ediləcək qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Samir Vəliyevin sözlərinə görə, TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.

Nazir müavini qeyd edib ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb.

Qeyd edək ki, bu həcmin dekabrın sonuna kimi 1 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

 
19.10.2018 11:10:27
Oxuma sayı: 211