Mikayıl Cabbarov Baş nazir postuna hazırlaşdırılır? - iqtisadçı alimin proqnozu
Ölçü:


Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən azad edilməsi və 2013-cü ildən təhsil naziri vəzifəsində çalışan Mikayıl Cabbarovun onun yerinə təyin olunması ətrafında imüzakirələr davam edir.  Məsələ burasındadır ki, Faizl Məmmədovun tutduğu postu tərk edəcəyi gözlənilirdi, onun səhhətində müəyyən problemləri vardı deyə, Prezidentin müvafiq sərəncamı təəccüb doğurmadı. Təhsil naziri Mikayıl Cabbarovun isə vergilər naziri postuna gətirilməsinə münasibət fərqlidir. Belə ki, cəmi 3 il 7 ay əvvəl (2013-cü il aprelin 19-da) "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən təhsil naziri  təyin edilən Mikayıl Cabbarovun Vergilər Nazirliyinə gətirilə biləcəyini heç kəs proqnozlaşdıra bilməzdi.

Koordinat.az xəbər verir ki, Mikayıl Cabbarovun vergilər naziri təyin olunması ilə bağlı  müzakirələrdə ən çox diqqət çəkən məqamlardan biri onun vergi və iqtisadiyyat sahəsinə yad olması göstərilir. Amma eyni zamanda onun peşəkar menecer olması xüsusi qabardılır. Bu isə bəzi mütəxəssislərin yaxın gələcəyə yönəlik yeni proqnozlar verməsi üçün müəyyən əsaslar yaradır. Məsələn, iqtisadçı alim Qubad İbadoğlu vergilər naziri postuna yenicə əyləşmiş Mikayıl Cabbarovla bağlı belə bir açıqlama-proqnozla çıxış edib: “Bu təyinatı Baş nazirliyə gedən yolda sonuncu mərhələ kimi dəyərləndirmək olar”.

Qubad İbadoğlunun daha bir proqnozu yeni təhsil nazirinin kim olacağı ilə bağlıdır. İqtisadçı alim özünün “Facebook” səhifəsində yazıb ki, böyük ehtimalla, yeni təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq: "Onu da nəzərə almaq lazımdır ki, yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır”.
07.12.2017 17:32:00
Oxuma sayı: 109