Sürüşkən fəlakət: Badamdardan Xırdalana, Xırdalandan…
Ölçü:


Rövşən AĞAYEV
İqtisadçı ekspert

Çox heyf ki, uzun, çox uzun illər ərzində ictimai çağırışlar qulaqardına vuruldu. Bakıya, ölkənin digər iri şəhərlərinə böyük şəhər statusunun verilməsi, kollegial və seçkili təsisatlar vasitəsilə iri şəhərlərin idarəçiliyinin ictimai nəzarət altına keçirilməsi təklifləri qəbul edilmədi.
Təsəvvür edin ki, Bakının ən xırda sosial-iqtisadi və şəhərsalma probleminin həllilə bağlı, məsələn, ən azı 100 nəfərdən ibarət demokratik Şura günlərlə, bəzən aylarla iclaslar keçirib, müzakirlər aparıb, sonda səsvermə keçirib qərar verməli olduğu halda onların hamısının əvəzindən bircə dəqiqənin içərisində Hacıbala müəllimin imzası keçərli oldu.

Yaxşı ki, elə özləri Badamdarda baş verənləri təbiət hadisəsi adlandırmırlar, yanlış idarəetmənin, səhv şəhərsalma qərarlarının nəticəsi odluğunu söyləyirlər.

Badamdarın üzləşdiyi fəalakət “ziyanın yarasından da qayıtmaqda fayda var” deyimini yad salıb, başqa ərazilərə də nəzər yetirməyi, ağır nəticələr doğura biləcəyi indidən aydın görünən yanlış şəhərsalma qərarlarını dayandırmağı zəruri edir.

Xırdalanda yaşadığım üçün bu şəhərdə baş verənləri hər gün görürəm, fəsadlarını öz yaşayışımda hiss edirəm. Az qala 250 min nəfər əhalisi olan şəhərə çevrilib, 16 mərtəbəli binaların sayı yağışdan sonra sürətlə çoxalan göbələklər kimi artır, amma normal, nəqliyyatın rahat hərəkət edəcəyi, geniş yollara, prospeklərə ərazi saxlamaq yaddan çıxıb. Şəhərin təxminən 5 km uzunluğunda olan mərkəzi yolunu heç olmazsa 4 zolaqlı avtomobil yolundan və kənarda normal piyada səkisindən ibarət, ictimai nəqliyyatın hərəkət axınına mane olmayan dayanacaqlarının quraşdırıla biləcəyi bir prospekt kimi saxlamaq olardı. Mərkəzi prospektdə nəqiyyat axınını yüngülləşdirmək, tıxacları azaltmaq üçün şəhərin bir girişindən çıxışınadək bir neçə paralel (köməkçi) yollar çəkmək olardı. Torpaqlar elə qarış-qarış satılıb ki, prospektə paralel yol çəkmək üçün gərək büdcədən ətək-tək pul xərclənib vətəndaşların şəxsi mülkləri satın alınsın.

Axı şəhərsalmada bir norma yoxdurmu ki, hər kv.km məskunlaşma ərazisi üçün nəqliyyat yollarının sahəsi nə qədər olmalıdır?
Məncə Xırdalan universitetlərin urbanizasiya tədrisi üçün canlı bir keys kimi istifadə oluna bilər – böyük, amma yolu olmayan şəhərin canlı nümunəsi kimi. Qoy dünya görsün ki, yolsuz şəhəri necə salmaq olur.
Xırdalan da elə Badamdar, bütün Bakı, Gəncə və başqa ərazilər kimi, yanlış, pis, ictimai nəzarət olmayan, tək əlin idarə etdiyi idarəetmənin qurbanıdır…
17.10.2018 17:27:00
Oxuma sayı: 2103