Uşaqları  "Mavi balina" oyunundan necə qorumalı? - valideynlərə xəbərdarlıq
Ölçü:


Uşaq və yeniyetmələr arasında baş verən intihar hallarının artması son günlər təhlükəli “Mavi balina” oyunu ilə bağlı valideynlər arasında əməlli-başlı narahatlıq yaradıb.

Koordinat.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri olan valideynlər uşaqları bu oyundan uzaq tutmağın yollarını arayır, dünyada neçə-neçə uşağın həyatına son qoyan oyunun ölüm riskindən övladlarını uzaq tutmaq üçün təlaş keçirirlər. İKT üzrə  ekspert Cahid İsmayıloğlu movqe.az-a açıqlamasında son günlərin ən aktual və narahatlıq doğuran “mavi balina” məsələsindən danışıb. O, “Mavi balina” oyunu barədə mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş müzakirələrin aparılmasının düzgün olmadığını söyləyib. Onun sözlərinə görə, bu oyunun adını çox hallandırmaq düzgün deyil: “Bu oyunun adının çox hallandırılması, mətbuatda və sosial şəbəkələrdə müzakirəyə çıxarılması reklama səbəb olur. Bu oyunla bağlı məlumatlar bir növ gənclərdə həmin oyuna maraq yaradır”.

Cahid İsmayıloğlu bildirir ki, “mavi balina” oyunu hər hansı proqram təqdimatı, yaxud da mobil tətbiq deyil: “Bu oyun sosial şəbəkələr üzərindən həyata keçirilir. Yəni, bu oyun telefona, yaxud da kompyuterə yüklənmir. Oyun üçün uşaqlar, gənclərlə sosial şəbəkələr, facebook, odnoklassik, vatsap üzərindən əlaqə qurulur. Sosial şəbəkədə bu oyunla bağlı bir qrup yaradılır. Oyuna iştirakçıların cəlb edilməsi mesenger üzərindən həyata keçirilir. Ondan sonra oyunu yönəldən şəxs həmin iştirakçılara missiyalar verir. Məlumatlara görə, həmin şəxs oyun iştirakçılarına 50 təlimart verir. Bu təlimatlar sıra ilə tövsiyyə edilir. Bir gün oyun iştirakçısılarına qoluna ülgüclə balina şəkli çəkmək, sabahı gün çox hündür bir yerə çıxıb aşağı baxmaq və bir neçə bu cür mesajlar göndərilir. Qaydaya görə, oyun iştirakçıları onun təlimatlarına, verilən missiyalara sıra ilə əməl etməlidirlər. Hər qrupa qatılan iştirakçılardan təlimata əməl etdiklərinə dair sübut, foto tələb edilir. Ən sonda, oyunun iştirakçılarından intihar etmək tələb olunur”.

C. İsmayıloğlu deyir ki, bu oyunu yönəldən şəxslər sosial şəbəkə istifadəçilərini seçərkən psixoloji qəif olan uşaq və yeniyetmələri hədəf seçirlər: “Verilən 5-10 missiyaya əməl edən, psixoloji durumu zəif olan şəxslərdə növbəti addımların, missiyaların nədən ibarət olacağına maraq yaranır. Beləcə onlar ən son addımı atmaq həddinə gəlib çatırlar”.

Mütəxəssis uşaq və yeniyetmələri bu cür təhlükəli oyunlardan uzaq tutmağın əsas yolunun elə onları sosial şəbəkələrdən uzaq tutmaqda olduğunu söyləyir: “Sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün yaş həddi tələb edilir. 18 yaşına çatmayan şəxlər sosial şəbəkələrdə qeydiyyatdan keçə bilməzlər. Amma çox təəssüf ki, bu gün sosial şəbəkə istifadəçilərinin çoxu elə yetkinlik yaşına çatmayan uşaqlardır. İlk növbədə valideynlər çalışmalıdırlar ki, uşaqları sosial şəbəkədən uzaq tutsunlar. Amma bəzi valideynlər uşağın sosial şəbəkə istifadəçisi olmağına göz yumur. Unutmaq lazım deyil ki, elə “mavi balina” oyununun yönəldiciləri də öz qurbanları ilə sosial şəbəkə üzərindən ünsiyyət qururlar. Uşaqların kompyuter, smartfonlarına nəzarət vacibdir. Əgər evdə internet varsa, mütləq internetə süzgəc (filter) qoyulmalıdır ki, uşaqlar evdə nəzarətdən uzaq qaldıqda da zərərli saytları açıb baxa bilməsinlər”.

Psixoloq Elnur Rüstəmov isə təkcə son günlərin gündəminə çevrilən “Mavi balina oyunu deyil, sosial şəbəkələr üzərindən, internet vasitəsilə uşaqların psixologiyasına mənfi təsir edən, onlarda aqressiya yaradan, intihara sürükləyən oyunlar çoxdur: “Son zamanlar təhlükəli oyun kimi aktuallaşanı “Mavi balina” olsa da, bu cür oyunlar son illər çoxalıb. Onların arasında yüklənməsi ödəniş tələb edənləri də az deyil. Buna səbəb yeniyetmələrin internetdən asılı həyat tərzi keçirməsidir. Onların ailədə az ünsiyyət  qurması, internetdən asılı olması bu cür təhlükələrə yol açır”.
Psixoloq bu cür təhlükəli oyunların yaradılması ilə xüsusi qrupların məşğul olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, bu oyunları yaradan komandaya psixoloqların da cəlb edilməsi şübhəsizdir: “Təhlükəli internet oyunu yaradanlar həm qazanc əldə edir, həm də ailələrdə faciə yaratmaqla bütün cəmiyyəti sarsıdırlar. Elə onların hədəfi də budur. Cəmiyyətin psixi sağlamlığını zədələsinlər”.

E. Rüstəmov deyir ki, uşaq və yeniyetmələrin internetdən asılılığını aradan qaldırmağa elə valideynlərdən başlamaq lazımdır: “İndi bu məsələ ilə bağlı valideynlərin problemləri uşaqlardan heç də az deyil. Internetdən asılı valideynlərin sayı günü-gündən artır. Bu, ailə üzvləri arasında ünsiyyəti 0-a endirir. Nəticədə valideyn uşaqla söhbət etmədiyindən, onun problemlərindən də xəbərsiz qalır. Əgər valideyn övladlarında narahatlığı sezib vaxtında psixoloqa müraciət etsələr, bu cür mənfi halların qarşısını almaq da mümkün olar”.
07.12.2017 16:49:43
Oxuma sayı: 67