Bilik Fondu Kollecdə Aida İmanquliyevanın anım gününü keçirdi
Ölçü:



Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə görkəmli şərqşünas alim, tərcüməçi, pedaqoq, professor Aida İmanquliyevanın anım günü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Pedaqoji Kollecdə “Xanımlıq, alimlik, analıq mücəssiməsi” mövzusunda “dəyirmi masa” keçirilib.
 
Tədbiri açan Kollecin direktor müavini Nigar Şirəliyeva ərəb ədəbiyyatının Azərbaycanda ilk araşdırmaçısı olan Aida İmanquliyevanın şərəfli ömür yolundan bəhs edib.
 
Bilik Fondunun və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva “Nümunəvi alim, xeyirxah qadın, fədakar ana” mövzusunda çıxış edərək ərəbşünas alimin səciyyəvi xüsusiyyətlərindən, onun gənclərə örnək olmuş nəcib keyfiyyətlərindən danışıb.
 
Tədbirdə həmçinin Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, Xəzər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyeva “Yaşar ürəklərdə, dillərdə adın” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirənin əvvəlində “Beynəlxalq Qızlar Günü” münasibətilə kollecin tələbələrini təbrik edən Q.Quliyeva daha sonra Azərbaycan qadınına, qızlarına örnək streotipini formalaşdırmış şərqşünas alim, tədqiqatçı, ədəbiyyatşünas, pedaqoq Aida İmanquliyevanın mənalı həyat yolundan, məhcər ədəbiyyatının Azərbaycandakı ilk araşdırmaçısı olan alimin bu sahə ilə bağlı yazdığı və indi də öz aktuallığını, əhəmiyyətini itirməyən elmi yaradıcılığından və tərcümələrindən söz açıb.
 
Tədbir çərçivəsində görkəmli alimin ömür yolunu əks etdirən film nümayiş olunub. Aida xanımın ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın yaradıcılığından tərcümə etdiyi “Müdrikliyin ziyarəti” hekayəsi tələbələr tərəfindən bədii qiraətlə oxunub və təhlil edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

13.10.2018 14:13:00
Oxuma sayı: 563