Aşıq Şəmşirin xatirə gecəsi keçirilib - FOTOLAR
Ölçü:

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə xatirə gecəsi keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi Azərbaycan Aşıqlar Birliyi və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri və incəsənət adamları iştirak ediblər.
 
Koordinat.az xəbər verir ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı və “Türk dünyası Qorqud Ata aşıqlar karvanı” layihəsinin rəhbəri Menderes Dəmir bəy Aşıq Şəmşirin həyatından və yaradıcılığından söz açıblar. Bildirilib ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır.
 
Məhərrəm Qasımlı bildirib ki, sənətkarın anadan olmasının 125 illiyi münasibətilə bir sıra tədbirlər: kitab müzakirəsi, oxucu konfransı, rəsm və şeir müsabiqəsi, ədəbi-bədii gecələr keçirilir və bu mərasimlər Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd edilməkdədir.

Tədbirdə Türkiyə, Qazaxıstan və Azərbaycandan olan saz-söz sənətkarlarının ifasında Dədə Şəmşirin şeirlərinə bəstələnmiş aşıq mahnıları səsləndirilib.

Sonda Dədə Şəmşirin nəvəsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb, babası haqqında maraqlı xatirələrini bölüşüb.

Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışan C.Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb. O, bu diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib.
12.10.2018 21:47:00
Oxuma sayı: 1526