Siyavuş Novruzov: "Vəsaitini mənimsəyən kənarda qalır, günahsız adamları həbs edirlər"
Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov qeyd edib ki, insanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız adamı həbsə salırlar. "Belə halların qarşısını almaqdan ötrü bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır. Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil”.
Deputatın sözlərinə görə, burada maraqlı və narahatlıq doğuran bir məqam da odur ki, çox zaman aidiyyəti olmayan adamlardan, qaçqın-köçkünlərdən istifadə olunur: "Yəni, guya onlar mənzil tikintisi ilə məşğuldurlar. Amma onların heç birinin buna aidiiyəti yoxdur, başqaları pul qazanır, pul oğurlayır, insanların əməyini oğurlayır, günahasız insanlar isə həmin dələduzların yerinə cəza çəkməli olurlar. Ona görə bu məsələ ilə bağlı icazə, lisenziya verilərkən müəyyən edilməlidir ki, əvvəla, kimdir əsl sahbkar, ikincisi də, həmin adamın ümumiyyətlə, tikintidən anlayışı varmı, başı çıxırmı? Deməkdə məqsədim odur ki, bu məsələ çox ciddi narahatçılıq doğurur. Bizə, millət vəkillərinə qalaq-qalaq məktublar gəlir, insanların aldadıldıqlarını bildirirlər, imdad diləyirlər. Ona görə həmin şəxslərə qarşı daha ciddi cəzalar nəzərdə tutulmalıdır”.
12.10.2018 14:52:00
Oxuma sayı: 683