VI Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək
Ölçü:


Mərakeş Krallığının Rabat şəhərində İSESKO Baş Konfransının 13-cü sessiyası öz işinə başlayıb. Sessiyada iştirak məqsədilə mədəniyyət naziri Əbülfəs Qarayev Mərakeşdə səfərdədir. Qeyd edək ki, ölkəmiz sessiyada təşkilatın 12-ci Baş Konfransının sədri qismində iştirak edir.

Koordinat.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, iclasda Baş Konfransın prosedur qaydaları, 12-ci sessiyada müxtəlif məsələlərə dair qəbul edilmiş qərarların icrası, İSESKO-nun 2019-2021-ci illər üzrə üç illik fəaliyyət planı və büdcəsi, 2019-2027-ci illər üzrə orta müddətli strateji fəaliyyət planı və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Nazir Əbülfəs Qarayev sessiyada çıxışı zamanı Azərbaycanla İSESKO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, ölkəmizin mədəniyyət, təhsil və elm sahələrində uğurlarını, cari ildə “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd olunduğunu və 25-26 oktyabr 2018-ci il tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyini qeyd edib. Nazir həmçinin ölkəmizin sədrliyi dövründə görülən işlər, keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın sədrliyi çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ilin noyabr ayından etibarən İSESKO Baş Konfransına sədrlik edir və cari ildə ölkəmizin sədrliyi başa çatır.
12.10.2018 09:27:37
Oxuma sayı: 95