"Kapitalbank" şəhidlərin "qanpulu"ndan faiz tutur? - narazılıq
Ölçü:


Oktyabrın 9-dan şəhid hərbi qulluqçuların ailə üzvlərinə ödəniləcək 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi üçün müraciətlərin qəbuluna başlanıb. Lakin prosesin gedişində şəhid ailələri bəzi nöqsanlarla qarşılaşıb.

Koordinat.az xəbər verir ki, bu barədə «Qarabağ Qaziləri» İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu Qaziler.az-a bildirib. O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsi prosesi başlayandan bir sıra xırda çatışmazlıqlar müşahidə olunur: "Müəyyən narazılıqlar var. Bu narazılıqların ən əsası “Kapitalbank”da şəhid ailəsinin adına açılan bank hesabı ilə bağlı bankın təqdim etdiyi arayışın verilməsi müqabilində ailədən 10 manat məbləğində pul tələb edilməsi, 11 min manat hesaba köçürüldükdə isə həmin puldan 1 faiz (110 manat) tutulması ilə bağlı olan şikayətlərdir. Fikrimcə, bu düzgün deyil. Yəni ölkənin birinci şəxsinin, ali baş komandanın belə bir vacib, humanist fərmanına bu cür yanaşma “Kapitalbank”a başucalığı gətirmir və bunu prezidentə qarşı sayğısızlıq hesab edirəm".

Qarabağ qazisi hesab edir ki, bu məsələdə hansısa bir anlaşılmazlıq var və tezliklə problem aradan qaldırılacaq.

Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə birdəfəlik ödəmə prosesinin başlanmasından bir gün əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, şəhid ailələrindən notarius xidmətindən başqa heç bir ödəniş tələb olunmayacaq”.
11.10.2018 14:57:00
Oxuma sayı: 880