Sadələşdirilmiş vergi ƏDV-yə keçir-  sahibkarlar nə deyir?
Ölçü:


Ekspertlər və sahibkarlar sadələşdirilmiş vergini Əlavə Dəyər Vergisi (ƏDV) ilə əvəzləmək planının kiçik və orta sahibkarlığa "zərər vura biləcəyini" deyirlər.

Sadələşdirilmiş verginin ƏDV ilə əvəzolunması dövlətə xeyir, kiçik və orta sahibkarlığa isə zərərdir, iqtisadi təhlilçilər hesab edirlər.

 "ƏDV ödəyicisi olmaq biznesin iş yükünü artıracaq, bu da əlavə xərc deməkdir", mühasib işləyən Rahib İsayev bildirir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, sahibkar Vüqar Zeynalov hesab edir ki, sadələşdirilmiş verginin ƏDV ilə əvəzlənməsi ilə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ideyası arasında ziddiyyət var.

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu isə "Dinamik biznes növündə çalışan biri üçün ölkə qanunları normal işləyirsə, ƏDV ödəyici olmaq yaxşıdır", deyir.

Vergilər Nazirliyi məsələyə münasibət bildirməkdən imtina edib.

"Üzdə görünən odur ki, rəqəmsal bankçılıq üçün müəyyən əsaslar yaratmaq istəyirlər. Bu, əslində normal tətbiq olunsa, şəffaflıq, gizli iqtisadiyyatın azalması, korrupsiyanın aradan qaldırılması üçün yaxşıdır", iqtisadi təhlilçi Qubad İbadoğlu deyir.

"Ancaq bugünki reallıqda qaydalar bütün bazar subyektləri üçün eyni şərtlər əsasında tətbiq olunmadığına görə, qaydanı birinə tətbiq edib, digərinə isə "sənə aidiyyatı yoxdur" deyildiyi üçün belə qərarlar Azərbaycanda effektiv olmur.

Əslində məqsəd sadələşdirilmiş vergi ilə işləyən kiçik və orta müəssisələri sıradan çıxarmaqdır. Özlərinin nəzarətində olan böyük şirkətlərin fəaliyyət imkanlarını genişləndirmək, bazar payını artırmaq istəyirlər", cənab İbadoğlu belə düşünür. O hesab edir ki, ƏDV-nin tətbiq olunması hökumətə həm də maliyyə axınını tənzimləmək və nəzarətdə saxlamaq imkanları "yaradacaq".

"Hökumət hesab edir ki, özəl şirkətlər çox qazanıb, az vergi ödəyirlər. Ancaq bu dəyişikliklər ona gətirib çıxaracaq ki, daha çox vergi inzibatçılığı, daha çox vergi nəzarətçiliyi yaranacaq. Bu da əvvəlki kimi vergi yoxlamalarına gətirib çıxaracaq", Qubad İbadoğlu deyib.

Xarici təcrübəyə toxunan cənab İbadoğlu deyir ki, bir çox ölkələr artıq vergi-patent sisteminə keçir.

"Patent sistemində şirkət bəlli bir müddətə patent alır, vergi inspektorları da bilir ki, bu patentli şəxsdir, uçot aparmır, artıq xərc etmir, mühasibə ehtiyac yoxdur, kassa olmur, şəxs patentini ödəyir, vergidən yayınmır və onu yoxlamağa da ehtiyac yoxdur.

Patentin üstünlüyü vergi orqanları ilə kiçik biznes arasında ünsiyyəti minimuma endirməsi və beləliklə də korrupsiyanın aradan qalxmasına verdiyi töhfədir", iqtisadçı bildirib.

Qubad İbadoğlu həmçinin, ƏDV tətbiqində diferensiallaşdırmanın (ƏDV-nin diferensiallaşdırılması - verginin müxtəlif məhsullara fərqli vergi dərəcəsi ilə tətbiq olunmasıdır) vacib amil olduğunu vurğulayıb.

"Sadələşdirilmiş verginin ƏDV ilə əvəzolunmasında məqsəd kiçik və orta sahibkarlığı sıradan çıxarmaqdır", cənab İbadoğlu deyib.

"ƏDV-nin tətbiqi büdcə daxiolmalarını artıracaq..."

"ƏDV-nin tətbiqi büdcə daxilolmalarını əvvəlki ilə müqayisədə xeyli artıracaq. Bu isə dövlətə xeyirdir. Müəyyən qruplara zərərdir. Müəyyən qruplar var ki, onlar qorunmalıdırlar, xüsusilə mikro sahibkarlar, onlara ƏDV tətbiq olunmamalıdır", iqtisadi təhlilçi Samir Əliyev belə deyir.

Cənab Əliyev hesab edir ki, ƏDV-nin diferensiallaşdırılması olsa belə, məsələ sadəcə vergi yükündə deyil.

"ƏDV-nin tətbiqi sahibkarın xərclərini artıracaq. Sahibkar uçot hazırlamaq üçün mühasib tutmalıdır, bu isə əlavə xərcdir", Samir Əliyev deyib.

Mühasib işləyən Rahib İsayev deyir ki, ƏDV ödəmək sahibkarın iş yükünü "artıracaq".

"ƏDV-nin tətbiqi xərclərin artmasıdır, çünki əgər əvvəllər sahibkar rübdə bir dəfə hesabat verib vergisini ödəyirdisə, ƏDV tətbiq olunduqdan sonra hər ay ciddi mühasib işi görülməli - hesabat verilməlidir. Bu da əlavə iş - xərc deməkdir".
"ƏDV-nin tətbiqi ilə kiçik və orta sahibkarlığın inkişafı ideyası arasında ziddiyyət var"

"Sadələşdirilmiş vergi 97-98-ci illərdə uçotun asanlaşdırılması üçün kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə, dünya praktikasından götürülərək tətbiq olundu. O şirkətlər ki, 200 minə qədər dövriyyəsi var idi, onlar sadələşdirilmiş vergi ödəyirdilər.

Bu gün ƏDV-nin tətbiq olunması ilə kiçik və orta sahibkarlığın inkişafı ideyası arasında ziddiyyət var", Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti, sahibkar Vüqar Zeynalov bildirir.

"Biz orta sahibkarlığı inkişaf etdirmək istəyirik. Eyni zamanda da sadələşdirilmiş verginin aradan qaldırılmasını nəzərdə tuturuq. ƏDV ilə işləyən şirkətlərin mühasibat uçotu çox qəlizdir. İldə 15-20 minlik dövriyyəsi olan kiçik müəssisələr ƏDV ilə işləsələr, o zaman onların yükü ağırlaşacaq", sahibkar deyir.

"Bugünki gündə sadələşdirilmiş vergi ödəyiciləri əslində həm də ƏDV ödəyiciləridir. Onlar kommunal xidmətlərə görə ƏDV ödəyirlər, lakin həmin ƏDV-ni əvəzləşdirə bilmirlər. Burada da ziddiyyət var lakin sadələşdirilmiş verginin ƏDV ilə əvəz olunması daha ciddi məsələdir", cənab Zeynalov vurğulayır.

"ƏDV yaxşıdır - qanunlar normal işləsə"

Əvvəllər sadələşdirilmiş vergidən istifadə etmiş "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyir ki, dinamik biznes növündə çalışan biri üçün ölkə qanunları normal işləyirsə, "ƏDV ödəyici olmaq yaxşıdır".

"Sadələşdirilmiş vergi daha çox təmbəl mexanizmdir. Bu o deməkdir ki, sən bilirsən ki, sənin kvartalda olan dövriyyən müəyyən məbləği aşmır və sən də bunun 4 faizini dövlətə vergi kimi verəcəksən. Bu çox asandır, sadədir, bunu adi vətəndaş da öz əməkhaqqından dövlətə ödəyə bilər.

İnkişafda olan biznes üçün ƏDV üsulu ilə işləmək daha dinamikdir. Lakin ƏDV-nin faiz dərəcəsi nəzərə alınmalıdır. Əlbəttə ki, kitab üçün ƏDV-nin 18 faiz olması yüksəkdir. Türkiyədə 7, İsveç 6, Almaniyada 7 faiz, Gürcüstanda isə ümumiyyətlə kitaba vergi yoxdur", naşir deyir.
İqtisadiyyatın strateji yol xəritəsi

2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində deyilir ki, "vergi sistemi və onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılıb... vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcəkdir" (BBC News Azərbaycan). 
11.10.2018 13:21:22
Oxuma sayı: 677